Teymur xan Makinski
Teymur xan Məhəmmədqulu xan oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir.
Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur.
Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918 ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir.
Teymur xan Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdi.
Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur.
Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.
Rəşid bəy İsmayılov
Tanınmış publisist, tarixşünas-alim və pedaqoq Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda (“Sankt-Peterburqskiye vedomosti” və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il “Tiflisskiy listok” qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. “Şərqi-rus” qəzetinin nəşri dayandırıldıqdan sonra “Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik etmişdir. Rəşid bəy İsmayılov “Təzə zaman” adlı qəzet nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun panislamist olmasını bəhanə gərirərək qəzetin nəşrinə icazə verilməmişdi.
Onun “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə Tiflisdə “Şərqi-rus” mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun “Koroğlu” pyesini gürcü dilindən azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında tamaşaya qoyulmuşdu.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan quberniyası müsəlmanlarının Həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.
Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir.
Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran “Azərbaycan tarixi” adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə “Mavərayi-Qafqazın elani-istiqlalı” bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.
Rəşid bəy İsmayılov1941-ci ildə Bakıda vəfat etmişdir.
Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” əsəri 1993-cü ildə “Azərnəşr” tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir. Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, “Molla Nəsrəddin” jurnalının əməkdaşı olmuşdu.
Əli Məhzun
Əli Hacı Zeynalabdin oğlu Rəhimov 1886-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Mollanəsrəddinçi, şair, publisist özünə “Məhzun” təxəllüsü götürmüşdür. Yüksək erudisiyaya malik ziyalı, istedadlı qələm sahibi Əlli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir. Əsərləri “Molla Nəsrəddin”, “Məzəli”, “Babayi-Əmir” jurnallarında, “İqbal”, “Sədayi-həqq” qəzetlərində və s. mətbuat orqanlarında dərc edilmişdir.
Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə” imzaları ilə yazılarını dərc etdirirərək özünü qaragüruhçulardan qorumağa çalışırdı. 25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün İrəvanın rəsmi dairələrindən icazə almışdılar. Öz ətrafında gənc aktyorları birləşdirən bu şirkətin aktyorları qısa müddət ərzində “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha”, “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar”, “Səfalətin sonu” əsərlərini tamaşaya qoymuşdular.
Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görmüşdür. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə olmuşdur. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi məqsədilə məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. “Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı.
Ermənilərin1918-1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycanda məskunlaşmış, müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərmişdir. Əli Məhzun 1934-cü ildə vəfat etmişdir.