Nəriman bəy Nərimanbəyov
Nəriman bəy Nərimanbəyov İrəvanda maarif fədaisi kimi ad qazanan Haşım bəyin ailəsində 1889-cu ildə anadan olmuşdur. Haşım bəy İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Haşım bəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birlikdə tərtib etdiyi “Ana dili” kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr tamaşaları haqqında resenziyaları çap olunmuşdur.
Nəriman bəy orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində, sonra isə Xarkov universitetinin hüquq fakültəsində təhsil almışdır. N.Nərimanbəyov burada Azərbaycan Tələbə Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmiş və inqilabi fəaliyyətini davam etdirmişdir.
Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nəriman bəy Nərimanbəyov vəkil işləməklə yanaşı, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri olmuşdur.
1917-ci ildə Rusiyada fevral inqilabından sonra Bakıya köçən N. Nərimanbəyov Müsavat partiyasının sıralarına daxil olmuşdur. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak etmişdir.
1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü, 1918-ci il mayın 28-də isə qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur.
N.Nərimanbəyov həmin il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmiş, parlamentdə Müsavat fraksiyasının tərkibinə daxil olmuşdur.
Nəriman bəy Nərimanbəyov Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təşkil etdiyi kabinədə (14.IV.1919) dövlət nəzarətçisi vəzifəsini icra etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman bəy Nərimanbəyov müxtəlif idarələrdə hüquq məsləhətçisi və vəkil işləmişdir.
Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Nəriman bəy Nərimanbəyov 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.
Miryusif Mirbabayev
Miryusif Mirabbas oğlu Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəva şəhər Dumasının üzvü olmuşdur. Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir. Miryusif Mirbabayev 1918-1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışmış, İrəvan pedaqoji texnikumunda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrndə işləmişdir. Miryusif Mirbabayev Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir.
1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olmuşdur. 1938-1941-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə “Azərbaycan dilinin erməni dilinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir.
Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940-1946) 4 cildlik «Rusca-azərbaycanca lüğət»ə görə 1948-də Stalin mükafatına layiq görülən alimlərdən biri də Miryusif Mirbabayev olmuşdur. O, bir çox başqa sanballı lüğətlərin də əsas tərtibçilərindən olmuşdur. Miryusif Mirbabayev 1951-ci ildə Bakıda vəfat etmişdir.
Əkbər ağa Şeyxülislamov
Dövrünün tanınmış siyasi vә ictimai xadimi Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildә İrəvan şəhərində anadan olmuşdur. Orta tәhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vәtәnә qayıtmışdır.
1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının tәrkibindәki Hümmәt partiyasına daxil olmuşdur. Ә.Şeyxulislamov Zaqafqaziya Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibinә daxil olmuşdur. O, hәmçinin Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir.
Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur. Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә üzv seçilmişdir. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil edilmişdir. Ә. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir.
O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalmışdır.
Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü olmuşdur. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan “Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı mәqalәsi bu gün də öz aktuallığını saxlayır. Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn olunmuşdur.
Mustafa bəyTopçubaşov
Topçubaşovlar nəsli Azərbaycan tarixinə Sankt-Peterburq Universitetinin ilk azərbaycanlı professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) və Azərbaycan Xalq Cümhuriyyəti ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu nəslin daha bir parlaq nümayəndəsi Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ildə İrəvanda doğulmuşdur. Cərrah, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın həqiqi üzvü, Bolqarıstan EA-nın müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, sonra 1919-cu ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir.
M.A.Topçubaşov 1920-30-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində cərrahiyyə klinikasında ordinator və assistent olmuşdur. 1930-1975-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri, eyni zamanda 1945-1948-ci illərdə EA-nın Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. M. Topçubaşov 7 monoqrafiya, 5 cilddə “Xüsusi cərrahlıq” dərsliklərinin, ümumilikdə 160 elmi işin müəllifidir. Onun redaktəsi ilə kombinasiyalı ağrısızlaşdırma ilə bağlı üç elmi iş toplusu çap olunmuşdur. Əsas elmi tədqiqatları “Ürək-damar xəstəlikləri və onların profilaktikası”, “Xüsusi cərrahlıq”, “Yad cisimləri çıxaran aparat və onun tətbiqi”, “Normal hipertenziya və onun cərrahi müalicəsi”, “Uzunmüddətli analgeziyanın tibbdə tətbiqi” əsərləridir. M. Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 1955-1959-cu illərdə Ali Sovetin sədri olmuşdur. Bir sıra orden və medallarla təltif olunmuşdur.
Mustafa bəy Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın Elmi-Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutuna və küçələrdən birinə onun adı verilmişdir. Onun oğlu İbrahim Topçubaşov tibb elmləri doktoru, məşhur cərrah olmaqla bərabər , həm də bəstəkar olmuşdur.